San-Dieqolu qonaqlar Nəsimi rayon İcra Hakimiyyətində qəbul edilmişlər
Bakı şəhərində səfərdə olan “San-Dieqo Azərbaycan Dostluq Assosiasiyası”nın rəhbəri Martin Kraminq Nəsimi rayon İcra hakimiyyətində qəbul edilmişdir. Tədbirdə Martin Kraminqin xanımı, Milli Məclisin deputatı Asim Mollazadə və digər qonaqlar iştirak etmişlər.
Qonaqları salamlayan rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirmişdir. O qeyd etmişdir ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil respublikamız Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir. 2016 və 2017-ci illərdə San Dieqo şəhərinə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayan Asif Əsgərov bildirdi ki, Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri milli-mənəvi dəyərlərə, xalqların mədəniyyətinə verilən yüksək önəmin təzahürüdür. Bu isə Azərbaycan – ABŞ tərəfdaşlığına və hər iki xalqın yaxınlaşmasına xüsusi dinamika verir, ölkələrimiz və xalqlarımızın mənafeyinə xidmət etməklə yanaşı, bu əlaqələrin möhkəm dayaqlar və vacib dəyərlər üzərində qurulduğunu əks etdirir.
Xatırlanmışdır ki, Bakı və San Dieqo şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, Kaliforniyada Azərbaycanın təbliği məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 2016-cı ilin oktyabr ayında ABŞ-ın Kaliforniya ştatına səfər etmişdir. Səfər çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Vurğulanmışdır ki, Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi üçün nümayandə heyəti 2017-ci ilin may ayında Kaliforniya Ştatına səfər etmişdir. Səfər zamanı Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətinin iştirakı ilə konsertlər təşkil olunmuş, “Əli və Nino” filmi nümayiş etdirilmiş, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi keçirilmişdir. Foto-sərgiyə hazırlıq üçün rayon İcra Hakimiyyəti tərəfindən San Dieqolu fotoqraf Nikolas Agelidisin mart ayında Bakıya 10 günlük səfəri təşkil olunmuşdur.
San-Dieqo Azərbaycan Dostluq Asossasiyasının rəhbəri Martin Kraminq Azərbaycana, Bakı şəhərinə, o cümlədən Nəsimi rayonuna səfərindən böyük məmnunluq hissi duyduğunu qeyd edərək paytaxtımızın gözəlliyindən xüsusi zövq aldığını vurğuladı. Görüşdə qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.