Şriftin ölçüsü :

Saytın rəngi :

BSU-da beynəlxalq elmi konfransın açılışı olub

15 noyabr 2018 | 16:00

Noyabrın 15-də Bakı Slavyan Universitetində “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşklatçılığı ilə keçirilən konfransda bir sıra dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor R.Novruzov açaraq konfransın məqsəd və əhəmiyyəti barədə qısa məlumat verib.

Sonra çıxış edən  BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan mədəniyyət tarixinə ekskurs edərək xalqımızın milli-mənəvi dəyərlərini mərhələlər üzrə xarakterizə edib. O, Azərbaycan xalqının tarix boyu tolerant və multikultural dəyərlərə üstünlük verdiyini, ədəbi-bədii, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində həmin dəyərlərin yerini  konkret tarixi fakt və ədəbi-fəlsəfi nümunələrlə səciyyələndirib. Rektor bugünkü Azərbaycanı qədim və böyük mədəniyyətin varisi adlandırıb.

Nurlana Əliyeva nitqinin davamında deyib: “Müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin bu gün böyük əzmlə, cəsarətlə həyata keçirdiyi məqsədyönlü strategiyanın uğurları sayəsində sosial-iqtisadi sahədə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib. Regionlarımızın inkişafı, yeni iş yerlərinin açılması, təhsil, səhiyyə kimi xalqın həyatında önəmli əhəmiyyəti olan sahələrin yenidən qurulması Azərbaycanın yeniləşməsi, müasirləşməsi deməkdir.

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri  Sona Vəliyeva çıxışına bu günlərdə Özbəkistanda keçirilən dahi ədibimiz Hüseyn Cavidə həsr olunmuş konfransla bağlı təəssüratlarını bölüşməklə başlayıb. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya xalqları arasında yüksək səviyyədə təbliğindən söz açıb. S.Vəliyeva bugünkü Azərbaycanın nailiyyətlərində, müstəqil dövlətimizin əldə etdiyi uğurlarda, onun dünyada tanınmasında Ümummili Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ulu Öndərin təhsil sahəsindəki xidmətlərinə toxunan S.Vəliyeva onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, gənclərlə bağlı bir çox yeniliklərə imza atıldığını, yeni qurumların təsis olunduğunu, mühüm istiqamətlərin müəyyən edildiyini, Dövlət proqramlarının həyata keçirildiyini bildirib.

Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycanla Türkiyə arasında qurulan dostluq əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. O, İki qardaş ölkəni birləşdirən bağların humanitar sahədə özünü yüksək səviyyədə biruzə verdiyini vurğulayıb və bu konfransın “bir millət, iki dövlət” siyasətinə daha bir töhfə olduğunu qeyd edib.

 Konfransda çıxış edən L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Zharinbekova iki gün davam edəcək beynəlxalq elmi konfrans çərçivəsində BSU ilə L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında müqavilə imzalanacağı barədə məlumat verib.

Təhsil eksperti, professor Şahlar Əsgərov çıxışında kulturoloji paradiqmaların pedaqoji paradiqmalarla tamamlanamasının vacibliyindən danışıb. O, bugünki tərbiyə sistemində sosiallığın önə çıxarılmasının əhəmiyyətini qeyd edib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov çıxış edərək qeyd edib ki, ölkəmizdəki tolerant mühit Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət  siyasətinə uyğun olaraq getdikcə möhkəmlənməkdə və inkişaf etməkdədir.  Azərbaycanın dünyada mövqeyinin getdikcə möhkəmləndiyini bildirən Asif  Əsgərov ölkəmizin artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrildiyini qeyd edib. VI Bakı Beynəlxalq Humanitar Forumun beynəlxalq aləmin qarşısında təhsilin və elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzi kimi gerçəkləşdirilməsini, regional tərəfdaşlığın gücləndirilməsini, insan təhlükəsizliyini, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ kimi irəli sürdüyünü bildirərək konfransın işinə uğurlar arzuladı.

Sonra konfransın digər iştirakçıları-Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoy, Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, Çexiya Texnologiya Universitetinin professoru Azər Kərimov çıxış edərək Konfransın təşkilinə görə BSU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, mədəniyyət və cəmiyyət barədə fikirlərini söylədilər.

Konfrans BSU-nun “Arzu” rəqs ansambılının hazırladığı milli rəqsin nümayişi ilə başa çatıb.

Keçidlər