Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 3 dekabr Əlillər günü münasibəti ilə tədbir keçirilmişdir

03 dekabr 2018 | 16:00

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri  olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən  3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı   268 saylı Xüsusi məktəbdə təhsil alan  əlil uşaqların iştirakı ilə müsiqili-əyləncəli  tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini Gülarə Verdiyeva dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır. Gülarə Verdiyeva  bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

Həmçinin qeyd olunmuşdur ki,  əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən  268 saylı Xüsusi məktəbdir. Məktəb 2017-ci ildə əsaslı təmir edilmiş, açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 798 nəfər  uşaq   təhsil alır.  187 nəfər məktəbdə, 611 nəfər isə evdə təhsil alır. Onlara 250 nəfər müəllim dərs keçir.

Məktəbin direktoru Seyfəddin Mustafayev məktəbin müəllim kollektivi və  valideynlər adından əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.

Tədbirdə saglamlıq imkanları məhdud olan uşaqlara  hədiyyələr təqdim olunmuşdur.

268 saylı Xüsusi məktəbdə təhsil alan  uşaqların hazırladıqları kompozisiya və rəqslər   tədbiri  uşaqların yaddaşında daha yaddaqalan və  mənalı etmişdir.

Keçidlər