Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndələri Bakı şəhərinə gəliblər
Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında yanvarın 17-də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndələri və Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclər Bakı şəhərinə gəliblər. Səfər çərçivəsində onlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin və veteranlarının övladları ilə görüş olub. Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan bu səfərin önəmindən danışaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılanmalıdır.
Vurğulanıb ki, bu səfərin 20 Yanvar faciəsinin ildönümündə baş tutması təsadüfi deyil. Azərbaycanda olduğu kimi, Türkiyədə də yeni nəslin nümayəndələri qardaş ölkənin azadlıq tarixini bilməlidir. Çünki qanlı 20 Yanvar hadisəsi Azərbaycan Respublikasının müstəqillik tarixinin əsasını təşkil edir.
Yanvar ayının 23-dək davam edəcək səfərdə qonaqlar rayonda keçiriləcək müxtəlif tədbirlərdə iştirak edəcək, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olacaqlar.