Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
28 mart 2013-cü il tarixdə Nəsimi rayon İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Şuranın gündəliyinə 2013-cü il üçün rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın və Aparatın iş planlarının müzakirəsi, enerji daşıyıcılarının dəyərinin əhali tərəfindən ödənilməsinin təmin edilməsi istiqamətində 2012-ci ildə görülmüş işlərin təhlili, uşaq və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahəsində görülmüş işlərin vəziyyəti, 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr, istehlak bazarı və sahibkarlığın inkişafı, ətraf mühitin qorunmasına dair görülən işlərin təhlili və rayon ərazisində məskunlaşmış məcburi köçkünlərlə aparılmış işlərin vəziyyəti məsələləri daxil edilmişdir. İclası giriş sözü ilə Nəsimi rayon İcra hakimiyyətinin başçısı cənab Nəsib Məhəməliyev açaraq gündəlikdə olan məsələlərin həllinin təmin edilməsi istiqamətində idarə, müəssisə və təşkilat rəhbərlərinə öz tapşırıq və tövsiyələrini vermiş, bu sahədə Dövlət İdarəçiliyinin yeni stil və metodlarının tətbiq olunmasının zəruriliyindən danışmışdır.
Daha sonra rayon İcra hakimiyyəti başçısının müavinləri rayonun əhalisinə göstərilən səhiyyə xidmətinin vəziyyəti, rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin vəziyyəti, rayonda fəaliyyət göstərən siyasi partiyalar, ictimai birlik və təşkilatlarla aparılan işlər barədə çıxış etmişlər. Bu sahədə həyata keçirilmiş tədbirlər müzakirə edilmiş, aşkar olunmuş problemlərin həlli yolları müəyyənləşdirilmişdir. Hər bir sahədə olan mövcud problemlərin aradan qaldırılması üçün rayon İcra hakimiyyətinin başçısı cənab Nəsib Məhəməliyev aidiyyəti təşkilat rəhbərlərinə öz tapşırıqlarını vermişdir.