Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub.
Körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.
Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünya görüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların sosial məsələlərinin həlli, sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində indiyədək bir çox vacib layihələr icra edib.
Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.
Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.