Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, səhiyyə, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər davam edir.
Faciənin ildönümü ərəfəsində Kliniki Tibbi Mərkəzdə Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilmişdir. Tədbirdə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat vermişdir. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə, xüsusilə Xocalılara olan diqqət və qayğısından ətraflı bəhs edərək, Nəsimi rayonunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər haqqında məlumat vermişdir.
Görüşdən sonra Nəsimi rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Kliniki Tibbi Mərkəzdə pulsuz tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər. Xocalı sakinlərinin ailələrində olan azyaşlı uşaqlar da ixtisaslı uşaq həkimləri tərəfindən müayinədən keçirilmişdir.