Nəsimi rayonunda “Milli ailə dəyərlərimiz ”mövzusunda silsilə tədbirlər keçirilir
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 46 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz ” mövzusunda tədbir keçirilib. Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr, təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Gülarə Verdiyeva qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır. Daha sonra Gülarə Verdiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edərək qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edənlər müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər.