Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı “Açıq mikrafon”la qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 23 ünvanda sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən Hüseynbala Əliyev küçəsi, Alı Mustafayev küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Açıq mikrafon”la müraciətlərini etmişlər.
Sakinlərdən Həmzəyev Həmzə, Bəkirova Səlimə, Babayeva Ləman, Babayeva Amalya, Bünyadov Mübariz, İsmayılova Rəsmiyə, Səmədova Dilarə, Mahmudov İbrahim və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsinə götürülmə, mənzilin sənədləşdirilməsi, həyətlərin abadlaşdırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarları, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sakinlər qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edilmişlər.