QHT Nəsimi rayonunda əlillərlə görüş keçirib
Azərbaycan Milli QHT Forumu “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətində seminarını həyata keçirib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin inkişaf etdiyini, QHT-lər tərəfindən belə tədbirlərin, seminarların keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tədbirin keçirilməsinə razılıq verdiyinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı və kollektivinə minnətdarlığını bildirib.
Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandıraraq qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar,o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır.
Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənilib.