Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda ənənəvi olaraq imkansız ailələrə bayram payları təqdim olunmuşdur
Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Respublikamızın hər bir rayonunda olduğu kimi paytaxtımızın Nəsimi rayonunda da təmtəraqla və geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.
Bayram ərəfəsində rayonda geniş abadlıq və quruculuq işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, rayon ərazisindəki idarə və təşkilatlarda, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan ailələrə Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunur.
Novruz bayramı tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətində Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin rəhbərləri və üzvlərinin iştirakı ilə növbəti tədbir keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov tədbir iştirakçılarını salamlayaraq, onları Novruz Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri bayram ərəfəsində cəbhə bölgəsində “N” saylı hərbi hissədə olmuş, xidmət edən əsgərlərimizi bayram münasibəti ilə təbrik etmişlər.
Tədbirdə ümumilikdə 2500 ailəyə bayram sovqatları paylanılmış, yataq xəstələrinin bayram payları isə evlərinə çatdırılmışdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri bayram münasibəti ilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.