Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb

26 aprel 2019 | 16:00

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün pansionatları gəzəcəyəm.

Sakinlər: Allah Sizi qorusun!

Mehriban Əliyeva: Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək.

Sakinlər: Allah Sizi qorusun. Biz Sizə minnətdarıq.

Mehriban Əliyeva: Mən sizə öz böyük məhəbbətimi çatdırıram.

Sakinlər: Bütün qaçqınlar, məcburi köçkünlər Sizdən razıdırlar.

Mehriban Əliyeva: Sağ olun, mən onu hiss edirəm. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur.

Sakinlər: Allah Sizə yar olsun, Siz Azərbaycan xalqına çox kömək etmisiniz. Sağ olun, var olun, Prezidentimiz sağ olsun, Allah sizi qorusun.

Dövlətimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonundan məcburi köçkün Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə oldu.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız.

Sakin: Allah köməyiniz olsun.

Birinci vitse-prezident Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan digər ailələrə də baş çəkdi, buradakı yaşayış şəraiti ilə yaxından tanış oldu, məcburi köçkün ailələrinin müraciətlərini dinlədi, onların qısa zamanda yeni mənzillərlə təmin ediləcəyini vurğuladı.

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. Mehriban Əliyeva 131 şagirdin təhsil aldığı məktəbədə müəllimlərlə görüşdü.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, yataqxanadakı vəziyyətlə tanış olum. Görürəm ki, belə vəziyyətdə yaşamaq çox çətindir. Uzun illərdir ki, orada yaşamısınız. Ona görə də artıq plana uyğun olaraq çox qısa bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi üçün mən indi bütün göstərişləri verdim.

Sakinlər: Çox sağ olun, Allah köməyiniz olsun.

Mehriban Əliyeva: Çox sağ olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir. Mən bunu görəndə daha da çox işləməyə hazıram və mənim vəzifəm budur. Hər zaman sizin yanınızdayam.

Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayışı ilə yaxından tanış olan, onların müraciətlərini dinləyən Mehriban Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər