Nəsimi rayonunda xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin açılışı keçirildi
Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi.
Xatirə muzeyinin direktoru İradə Əzimzadə qonaqları salamlayaraq muzeyin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Əzim Əzimzadə Azərbaycan rəssamlıq məktəbində böyük iz qoymuş şəxsiyyətlərdən biridir. XIX əsrin sonu - XX əsrin əvvəlində milli təfəkkürün formalaşmasında “Molla Nəsrəddin” jurnalı ilə birlikdə çalışaraq təsviri sənətimizin inkişafında mühüm xidmətlər göstərib.
Nazir vurğuladı ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir, paytaxt Bakıda abadlıq işləri görülür. Şəhər gözəlləşir, müasirləşir. Əbülfəs Qarayev xatirə muzeyinin təmirini yeni düşüncə və yanaşmanın müfəssəl forması kimi səciyyələndirdi. Nazir onu da diqqətə çatdırdı ki, hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində, C.Cabbarlının Xızıdakı ev-muzeyində təmir işləri gedir. M.Ə.Sabirin xatirə muzeyi isə təmir edilib və hazırda bədii tərtibat işləri həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısının tapşırığı ilə respublikada aparılan quruculuq işləri, eləcə də rayon ərazisində təmir və abadlıq işləri barədə məlumat verdi. Rayon ərazisində mədəniyyət ocaqları, abidələri sayının çox olduğunu diqqətə çatdıran A.Əsgərov buradakı mədəni istirahət məkanları sırasında Ə.Əzimzadənin xatirə muzeyinin əhəmiyyətli yeri olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimiv və Xalq rəssamı Arif Hüseynov təsviri sənətimizdə Ə.Əzimzadən məktəbi ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, 40 illik səmərəli yaradıcılıq fəaliyyəti dövründə rəssam 3000-dən artıq karikatura, plakat, səhnə dekorasiyası və s. janrlarda əsərlər yaradıb. Rəssam M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatr tamaşaları üçün hazırladığı geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.
Çıxışlardan sonra açılışı bildirən rəmzi lent kəsildi və qonaqlar muzeyin təmirdən sonrakı vəziyyəti ilə tanış oldular. Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.
Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.