Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edildi
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Ölkənin Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.
BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.
Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda yığıncaq keçirilib.
Tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Mətbuat Şurasının, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, psixoloqlar, habelə regionlarda yaşayan 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər, gənc ailələr iştirak ediblər.
Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Sonra zəngin və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.
Tədbirdə iştirak edən ağsaqqallar, ağbirçəklər və 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri gənc ailələrə öz dəyərli məsləhətlərini və tövsiyyələrini verdilər.Daha sonra 50 və 25 ilə yaxın birgə ömür sürmüş ailələrə hədiyyələr təqdim olundu.
Tədbir Bakı Musiqi Akademiysının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konseti ilə davam etdi.