Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd olunmuşdur
Nəsimi rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları İcra Hakimiyyətinin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad etmişlər.
İlk öncə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirmişdir.Həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün onun ideyalarına sadiq olan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiqlərin çıxışlarında böyük əminlik hissi ilə bildirildi ki, müstəqil Azərbaycan dövləti məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxacaq, Azərbaycan xalqını firavan, xoşbəxt gələcəyə aparacaqdır.
Daha sonra çıxış edən Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 26-cı ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir. Natiq Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmaqla və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı aradan qaldırdığını xüsusi olaraq vurğulamış, Azərbaycan Respublikasının Ümummilli Lideri - Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımladığını qeyd etmişdir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılmışdır. Daha sonra tədbir 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı ilə davam etmişdir.