Nəsimi rayonunda “Son zəng” tədbirləri keçirildi
14 iyun 2019-cu il tarixdə Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur.Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.
23 və 211 nömrəli tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.
Asif Əsgərov qeyd etdi ki, Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır. Ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
“Son Zəng” tədbirlərində iştirak edən məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb. “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.