Nəsimi rayonunda bu ilin birinci rübü uğurlu olmuşdur
Nəsimi rayonunda 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclas keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, bu ilin birinci rübü respublikamız üçün uğurlu olmuş, sosial-iqtisadi sahədə önəmli nəticələrə nail olunmuşdur. Bütün bu uğurlar və sosial-iqtisadi sahədə qarşıda duran vəzifələr Nazirlər Kabinetinin aprelin 14-də keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş və yekun nitqlərində geniş təhlil edilmiş və sonrakı mərhələlər üçün vəzifələr müəyyənləşdirilmişdir. Cari ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsul 3,1 faiz artmış və bu yüksəliş əsasən qeyri-neft sektorunun hesabına əldə olunmuşdur. Bu dövrdə əhalinin pul gəlirləri 6 faiz artmış, ölkəmizdə 30 min yeni iş yerləri yaradılmışdır. Sosial məsələlərin həlli, əhalinin rifah halının daha da yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu gün 123 min ailə ünvanlı sosial yardım alır və 6 faizə düşmüş yoxsulluq səviyyəsinin ləğv edilməsi istiqamətində ölkəmizdə zəruri işlər görülür. Bütün bunların əsası Ümummilli liderimiz, xalqımızın xilaskarı, müstəqil dövlətimizin qurucusu və banisi Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətin bu gün dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. 2013-cü ilin I rübü Nəsimi rayonunda da bir sıra uğurlarla yadda qalmışdır. Yanvar-mart ayları ərzində rayonda 97 milyon 966 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz çoxdur. İlin birinci rübündə rayonda 501 yeni iş yeri yaradılmışdır.Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi ki, bu ilin birinci rübündə istehlak bazarında dinamik inkişaf davam etmiş və əhaliyə 269 milyon 774,6 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu dövrdə rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 9 milyon 195 min manat təşkil etmişdir. Nəqliyyat sektorundakı müəssisələrin gördükləri iş və xidmətlərin həcmi isə 18 faiz artaraq 109 milyon 236 min manata çatmışdır.Hesabat dövründə Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2245 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 360 tənha, əlil və ahıla evlərdə sosial məişət xidməti göstərilmişdir. “Azərbaycan Respublikası regionlarının 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayonda uğurla davam etdirilir. Hazırda 1 və 5 saylı tam orta məktəblərdə yeni korpusların tikintisi davam etdirilir, 19 və 159 saylı tam orta məktəblərdə əsaslı təmir işlərinə başlanılmış, 92 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılmış, 45 saylı körpələr evi-uşaq bağçası isə əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Hazırda Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri, Tibb Universitetinin Tədris-Cərrahiyyə korpusunda tikinti-quraşdırma işləri davam etdirilir. 2013-cü ilin I rübü ərzində Nəsimi Rayon Qaz İstismarı İdarəsi tərəfindən istehlakçılara 4 milyon 122 min 150 manatlıq təbii qaz satılıb. Ümumi satışın 86,8, əhaliyə satışın isə 100,2 faizi ödənilmişdir. Rüb ərzində Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin satdığı elektrik enerjisi dəyərinin 96,1 faizi istehlakçılar tərəfindən ödənilib. Bu dövr ərzində idarə tərəfindən, ümumilikdə 5 min 238 metr kabel və naqillər dəyişdirilmiş, 2 ədəd elektrik dayağı quraşdırılmışdır. Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. Hazırda Cavadxan küçəsində yeni park salınır, Hüseynbala Əliyev və Rəşid Məmmədov küçələrinin kəsişməsində yerləşən “Heydər parkı”nda əsaslı təmir işləri görülür və 14 ünvanda binaların fasadlarında təmir aparılır. Rayon ərazisində istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və bu istiqamətdə aparılan işlər daim diqqət mərkəzindədir. Rayondakı “Təzə Bazar” və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində hər həftə bazar qiymətlərindən aşağı 40-50 ton kənd təsərrüfatı məhsullarının satışı təşkil edilir. Əhalinin rifah halının yüksəlməsinə, süni qiymət artımının qarşısının alınmasına xidmət edən bu iş rayon rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Ramil Yusifov və başqaları çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etdi. O, qarşıda duran vəzifələrdən danışdı və bütün əlaqədar qurumların rəhbərlərinə vətəndaşların müraciətlərinə daha diqqətlə yanaşmağı və onların qaldırdıqları məsələləri operativ həll etməyi tapşırdı.