Nəsimi rayonunda Azərbaycan Polisi günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Əbülfət Rzayev tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Natiq çıxışına davam edərək müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açdı. Bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla İyulun 2-si Azərbaycan Polisi günü elan olunub.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin xatirə hədiyyələri təqdim olundu.