15 sentyabr–“Bilik günü”
Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir.
Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir.
Təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.
Nəsimi rayonunda təhsilin səviyyəsi və maddi-texniki vəziyyəti daim diqqət mərkəzində saxlanılır.
Rayon ərazisində 8 ali, 2 orta ixtisas, 24 tam orta məktəb, 4 özəl təhsil müəssisəsi, 4 türk liseyi, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2022/2023-cü tədris ilində rayonun orta məktəblərini 2308 nəfər şagird bitirmişdir. Cari ildə 3399 nəfər şagird birinci sinifə qəbul olunmuşdur. Rayonda 2683 nəfər təhsil işçisi fəaliyyət göstərir.
Qəbul imtahanlarında abituriyentlərdən 68 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. 2022/2023-cü təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 15 məzun qızıl,11 məzun gümüş nişana layiq görülmüşdür.
Respublika fənn olimpiadasında Nəsimi rayonu üzrə 2022-2023-cü tədris ilinin yekunlarına görə 7 şagird uğur qazanmışdır . Onlardan 1 nəfəri 247 N-li tam orta məktəbin X sinif şagirdi Coğrafiya fənni üzrə I yer, 1 nəfəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Biologiya fənni üzrə II yer, 2 nəfəri 240 N-li tam orta məktəbin XI sinif şagirdləri Tarix fənni üzrə II yer, Riyaziyyat fənni üzrə III yer, 1 nəfəri 5 N-li tam orta məktəbin X sinif şagirdi İnformatika fənni üzrə III yer, 2 nəfəri Elitar Gimnaziyanın VIII, IX sinif şagirdləri Coğrafiya və Tarix fənnləri üzrə III yerə layiq görülmüşlər.