Nəsimi rayonunda Polis şöbəsinin inzibati binasının açılışı olub
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.Bu münasibətlə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin xidməti binasının açılışı olub.
Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, idarə və şöbə əməkdaşları iştirak ediblər.Açılış mərasimində qeyd edilib ki, yeni inzibati binanın istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür.Məlumat verilib ki, istifadəyə verilən inzibati bina müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, ərazidə abadlaşdırma işləri yerinə yetirilib.
Tədbir iştirakçıları yeni binanın növbətçi hissəsinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. Sonda iştirakçılar binada ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.