Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün təmiri, asfalt örtüyünün təmiri, həyətin işıqlandırma sisteminin yenidən qurulması barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.
Qəbulda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Sakinlər müraciətlərində istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.