Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə bayram tədbiri keçirilmişdir
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.
Asif Əsgərov bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir.
"Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən" insandır.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Natiq qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Asif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə təltif edilmiş Nəsimi rayon təhsil işçilərini də təbrik edərək onlara şərəfli peşələrində uğurlar arzulamışdır.
Tədbirdə Millət vəkilləri Ziyad Səmədzadə, Məlahət İbrahimqızı və Nəsimi rayon təhsil işçiləri çıxış edərək təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirmişlər.
Tədbirin sonunda iştirak edən təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur. Tədbir 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs qruplarının maraqlı rəqsləri ilə ilə davam etmişdir.