Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü mikrorayon Cavadxan küçəsi 10-18 ünvanda növbəti səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir. Mikrorayonda, o cümlədən Cavadxan, H.B.Əliyev, A.Mustafayev, H.Seyidzadə küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Haqnəzərov Fuad, Əzimova Zəminə, Məmmədova Kəmalə, Mirzəyeva Dilbər, Kərimova Südabə, Babayeva Mətanət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi, mənzil növbəliliyi barədə müraciətlər etmişlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində görülən işlər xüsusi vurğulanmışdır.
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Cavadxan küçəsi 10-18 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunmuş, müzakirələr aparılmış, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.