Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial şəbəkələrdən düzgün və səmərəli istifadə üzrə maarifləndirmə vacib məsələdir

24 oktyabr 2019 | 16:00

“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlarını davam etdirir. Seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparılır.

Seminarların məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyəsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.  Növbəti seminar Təhsil Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nəsimi rayonunun iyirmi altı orta ümumtəhsil məktəb və liseylərin şagirdləri üçün təşkil olunub.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar. Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.

Akademiya rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, yeniyetmələr və gənclər tərəfindən qaydalara uyğun və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi prioritet məsələlərdəndir.

Daha sonra seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, fizika-riyaziyyat elmləri namizədi E.Cəfərovun, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun, DTX-nin əməkdaşı O.Mustafazadənin, Akademiyanın İnformasiya təhlükəsizliyi fakültəsinin kursantı C.Həmzəzadənin və digərlərinin aktual mövzularda məruzələri dinlənilib. Seminar şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək, seminarın təşkilinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, belə tədbirlərin yeniyetmələrin, xüsusilə məktəblilərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” adlı videoçarx nümayiş olunub.

Keçidlər