Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

09 dekabr 2019 | 16:00

Azərbaycan Tibb Universitetində  Nəsimi Rayon İcra Hakimiyyəti və Tibb Universitetinin birgə  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, ATU-nun rektoru, professor Gəray  Gəraybəyli, Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəyli, Millət vəkilləri Ziyad Səmədzadə, Asim Mollazadə, Məlahət İbrahim qızı, Rafiq Məmmədhəsənov, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə güllər qoyulmuşdur.

Daha sonra Ulu Öndər Heydər Əliyevin  əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçılarına  dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib.

Rektor G.Gəraybəyli Azərbaycanda səhiyyə sahəsinin inkişafı və peşəkar tibbi kadrların hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu xatırladıb: “Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”. Rektor G. Gəraybəyli ATU-nun stomatoloji və onkoloji klinikalarının Ümummilli Lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdırıb.Qeyd edib ki, Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa edilib. Bu tibb müəssisələri ən müasir avadanlıqla təchiz olunaraq, əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

 A. Əsgərovun  çıxışına davam edərək bildirdi ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.

Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Natiq daha sonra qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Tədbir daha sonra Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundovanın rəhbərliyi ilə Akademiyanın tələbələrinin hazırladıqları  bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan  Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Keçidlər