Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin yekunlarını müzakirə etmişdir

10 yanvar 2020 | 16:00

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində  keçirilən  2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəybala Quliyev bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində  Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 23, 25 və 27 nömrəli binaların , Hüseyn Seyidzadə 20, 22, 24, 26, 28 nömrəli  binaların,  Asif Məhərrəmov küçəsi 34, 38,42 və 46  nömrəli binaların, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 ünvanlardakı  həyətləri abadlaşdırılaraq yenidən qurulmuşdur. Bu ünvanlardakı binaların fasadları təmir olunub, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib yenisi ilə əvəz olunub, giriş qapıları yeni dəmir qapılarla əvəz olunmuşdur. Burada müxtəlif oyun elementləri quraşdırılıb, idman meydançaları salınmış, söhbətgahlar  quraşdırılmışdır.  Abadlaşdırılan həyətlərdə yaşıllaşdırma işləri aparılmış və həyətlərə həmişəyaşıl ağaclar və gül kolları  əkilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi ərəfəsində  rayonun müxtəlif  ərazilərində, mövcud parklarda və yaşıllıq zolaqlarında  ağac və  gül əkmə  kompaniyası keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri tərəfindən  rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda  və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında ağaclar və   gül kolları  əkilmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda  rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Məktəblilərin yay tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir.

Hesabat  yığıncağında təqaüdçü Mahmudov  İbrahim,  20 yanvar əlili Rayi Rza, 20 nömrəli şəhər poliklinikasının müalicə işləri üzrə müavini Həsənova Nəzakət və başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Hesabat yığıncağında  sakinləri maraqlandıran suallar cavablandırılmışdır.     

Tədbirin sonunda ərazinin təmizliyi ilə məşğul olan Nəsimi rayon MKTB-nin bir qrup  əməkdaşı mükafatlandırılmışdır.

 

Keçidlər