Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin yekunlarını müzakirə etmişdir
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Bakı Biznes Mərkəzində keçirilən 2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Zeynalov bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır.
3 saylı SİƏD rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkil olunub keçirilməsində yaxından iştirak etmişdir. Həmçinin, ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.
İnzibati ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatların uçotu, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı dəqiqləşdirilmiş, ev təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılmışdır. Bundan əlavə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar elektron sistemə daxil edilmişdir.
Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.
Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 15-dən çox səyyar qəbul və görüşlər keçirmiş, qəbullarda sakinlər tərəfindən qaldırılmış problemlər rayon İcra Hakimiyyəti Başçısının verdiyi tapşırıqlara əsasən həll edilmiş, bəzi məsələlərə isə aydınlıq gətirilməsi üçün müvafiq izahatlar verilmişdir.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.
Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Məktəblilərin yay tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir.
Hesabat yığıncağında Mehriban İbrahimova, Esmira Məmmədova, Həsənxan Mədətov və başqaları çıxış edərək respublikada, o cümlədən Nəsimi rayonunda aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Hesabat yığıncağında sakinləri maraqlandıran suallar cavablandırılmışdır.