Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97 illiyi tamam olur.

27 aprel 2020 | 16:00

Adı hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənən akademik Zərifə Əliyeva bu gün də insanların qəlbində işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır. Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu adların, mükafatların hər biri qürur, iftixar mənbəyidir. Ən şərəflisi isə böyük iftixarla daşıdığı Ana adıdır.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində böyük xidmətlər göstərib.

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı.

Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Zərifə xanım Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18oktyabrda Sevil Əliyeva, 1961-ci il 24 dekabrda İlham Əliyev dünyaya gəlmişdir.

Tale Zərifə xanıma əfsanəvi bir həyat yazmışdır. O, Əziz Əliyev kimi görkəmli dövlət və elm xadiminin ailəsində dünyaya göz açmışdır. Dünya şöhrətli bir ölkə rəhbərinin həyat yoldaşı olmuş, Azərbaycana layiqli prezident olan bir oğul bəxş etmişdir. O, həyatı boyu bütün qüvvə və bacarığını doğma xalqına xidmətə həsr etmiş və ömrünün sonunadək bu amala sadiq qalmış, özünün yüksək intellekti, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmətini, sevgisini qazanmışdır.

Başqa cür ola da bilməzdi, çünki Zərifə xanım görkəmli ictimai xadim, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüş, gözəl tərbiyə və mükəmməl təhsil almışdı. Zərifə xanımın xalqımızın qədim adət-ənənələrinin köklərinə söykənərək dünya sivilizasiyası incilərinə qovuşan alicənab bir ailədə dünyaya göz açması onu bütün həyatı boyu müşaiyət edən mənəvi zənginlik dünyasının əsaslı təməlinə çevrilən amillərdən olmuşdur. Əsil-nəcabətli ziyalı mühitində formalaşmış Zərifə xanım milli ailə dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi, uşaqların milli ənənələr ruhunda tərbiyə olunması, Azərbaycan xalqının adətlərinə yüksək hörmət göstərilməsinin vacibliyini çox gözəl dərk edirdi. Onun üçün atası-görkəmli dövlət xadimi Əziz Əliyev əsil həyat məktəbi olmuşdu.

Zərifə xanımın şəxsiyyətinin mühüm etik mənası onun öz yaradıcılığına yüksək intellektual səviyyədə yanaşmasında, fəal mövqe seçə bilməsindədir. Çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilir, özünün parlaq şəxsiyyətində əsil Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. 

Zərifə xanımın taleyinə məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyev kimi şəxsiyyətin ömür-gün yoldaşı olmaq düşmüşdü. Zərifə xanım bu çətin, lakin şərəfli missiyanı ömrü boyu layiqincə yerinə yetirmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımım diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini  gətirmişdir. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olmuşlar. Bəli, Mehriban xanım Zərifə xanımın missiyasını layiqincə, şərəflə davam etdirir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Keçidlər