Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış sosial aksiya davam etdirilir.
Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Rayon ərazisində koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə başlanılmış dezinfeksiya işləri də davam etdirilir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.