Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimi

07 may 2020 | 16:00

Ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimi

Ümummilli lider zirvəsini fəth 

etmiş qüdrətli dövlət xadimi

Bu günlərdə xalqımız uzaq tarixlərdən gələn ümdə istək və arzularını ikinci minilliyin sonlarında gerçəkliyə çevirmiş dahi şəxsiyyəti, milli varlığının ən qüdrətli və müdrik dühası olmuş ümummilli lider Heydər Əliyevi ona bəxş etmiş əziz günü– ulu öndərin anadan olmasının 97-ci idönümünü sonsuz sevgilərlə mənalandırır, millət atasının ölməz xatirəsinə dərin ehtiramını ümumxalq qədirbilənliyi ilə ifadə edir. 

Dövlət müstəqilliyinin 29-cu ilini yaşayan Azərbaycan Respublikası hüquqi-demokra­tik ölkə kimi gələcəyə doğru uğurla addımla­yır, xalqımız qarşısına qoyduğu məqsədlərə inamla çatır. Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti– ümummilli lider, müstəqil Azərbaycan dövlətinin me­marı və qurucusu, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. İllər ötdükcə ulu öndərin milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərinin, ümumi tərəqqi və indiki nəsillərin arzularının gerçəkləşməsi üçün yaratdığı tarixi əsasların bəhrəsini daha çox görürük. Bir daha yəqin edirik ki, həqiqi xalq lideri Heydər Əliyevin dühasının, mənalı ömür yolunun hər anı, hər səhifəsi bugün­kü və gələcək nəsillər üçün mükəmməl bir nümunədir.

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürur doğuran möhtəşəm tarixini yaradırlar. Bütün fəaliyyəti və fərdi keyfiyyətləri ilə xalqına, ölkəsinə fayda və öyünc gətirmiş Heydər Əliyev siyasət dünyasında bacarığı, səriştəsi, uzaqgörənliyi, hadisələri hiss etmə, duyma və düzgün qərarlar vermə qabiliyyətinə görə nadir şəxsiyyət idi. Ulu öndər bu bənzərsiz keyfiyyətləri ilə Azərbaycanı siyasi, iqtisadi, ideoloji cəhətdən inkişaf etdirərək özünün dediyi kimi– Dünyaya Günəş kimi doğan bir ölkə” səviyyəsinə çatdırmışdır. Onun bütöv bir tarix olmuş xidmətləri sadalanmaqla bitib-tükənən deyildir. Lakin reallıqları, dahi öndərin Vətəni, xalqı üçün etdiklərini anlamaq və qiymətləndirmək üçün onun keçdiyi həyat yoluna əhatəli və dərindən nəzər salmaq mütləqdir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 2 tarixi epoxada–sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Bu isə Azərbaycan əhalisinin sivil bir xalq kimi formalaşması prosesində, təkamülündə və monolitliyində aparıcı amil olmuş, müdrik rəhbərin xalqı öz amal və məqsədləri ətrafında birləşdirməsinə, milli birliyin salsılmaz bir qüvvəyə çevrilməsinə zəmin yaratmışdır.

Xalqımızı ümummilli liderinin anadan olmasının 97-ci ildönümündə Heydər Əliyevin əziz xatirəsini onun şəxsiyyət və xidmətlərinin əzəmətinə layiq səviyyədə bir daha yad edir. Bu tarixi günün yüksək siyasi coşğusu hər birimizə onun şəxsiyyətinin nəhəngliyini, qoyub getdiyi mənəvi və maddi irsin yüksək dəyərini daha dərindən anladır. Bu nadir düha milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi dönməz və əbədi etmişdir. Belə bir fövqəladə missiyanı müvəffəqiyyətlə həyata keçirmiş siyasət və dövlət xadimi kimi Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimidir.

Düz yarım əsrdir ki, tarix salnaməmizdə silinməz iz qoyan Heydər Əliyevin adı, imzası Azərbaycanla qoşa çəkilir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir qaynaqdan– Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdəndir.

Dünya inkişafının perspektivini aydın görən, qlobal hədəfə doğru addımlayan və ölkəsini, xalqını bəşəri tərəqqiyə istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə hərtərəfli inteqrasiyasını təmin edərək dövlət müstəqilliyini əbədi və dönməz etmişdir. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir. Bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır– gələcəyə hədəflənmişdir. Bu siyasət geopolitik mənafeləri toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın ümummilli tələbatı ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu dəyərlər Heydər Əliyevin milli inkişaf strategiyasını qlobal siyasət səviyyəsinə yüksəltmiş, onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirmişdir.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, eləcə də 90-cı illərdə və XXI əsrin əvvəllərində özünü görkəmli dövlət xadimi, fenomenal qabiliyyətə və yüksək intellektə malik bir insan, bənzərsiz şəxsiyyət, bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdi. Dünyanın az-az dövlət xadimlərinə müyəssər olan bu keyfiyyətlər ulu öndərdə ahəngdar surətdə cəmlənmişdi. Təsadüfi deyil ki, Heydər Əliyev fenomeni hələ sağlığında dünya ictimai-siyasi fikrinin diqqət mərkəzində idi.

Xarici aləmin tanınmış siyasətçilərindən, dövlət xadimlərindən Heydər Əliyevin fərqi onda idi ki, o, bütün istiqamətlərdə düşünmək qabiliyyətinə və peşəkarcasına fikir söyləmək imkanlarına malik idi. Dünya siyasətçiləri arasında bu cür dünyəvi düşüncə tərzinə malik olan siyasətçilər çox azdır. Elə bu səbəbdəndir ki, ən böyük siyasət korifeyləri bu dahi şəxsiyyətə böyük hörmət hissi ilə yanaşmış, ilk söhbətlərindən və tanışlıqlarından onu özlərinə dost hesab etmişlər.

Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir. Ulu öndər hər iki sistemdə xalqımızın mənafeyini hər şeydən üstün tutmuşdur. Heydər Əliyev xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli kimlik və mənlik qürurunun ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə təzahür etdiyini müstəsna bir duyum və zəka ilə bilirdi.

Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Vətənini gözəl, abad və firavan görmək idi. Ona görə keçdiyi şərəfli ömür yolunu dövlətə və xalqa həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə qalxa bilmişdir.

Zəngin dövlətçilik təcrübəsi və geniş milli dünyagörüşə malik dövlət xadimi olması, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörənliyi hələ Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə Heydər Əliyevi siyasi liderlik istedadını Azərbaycan cəmiyyətinə və dünyaya təqdim etmişdir. Qüdrətli siyasət və dövlət adamı olan ulu öndər Heydər Əliyev Azərbaycanımızın ən çətin anlarında da xilaskarlıq missiyasını öz üzərinə götürmüş və dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Ötən əsrin 90-cı illərində də belə olmuşdur.

Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib olmuşdur. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu ikiqütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünya siyasətində aparıcı rol oynayan güc sahiblərinin məqsədləri bir-birinə tərs mütənasib idi.

Belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın ən müdrik şəxsiyyətinə– Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı rəhbərlik israrla Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti idi.

Hələ 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının geridə qalmış respublikalarından biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkə iqtisadi, mədəni, sosial inkişafına görə ittifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, onun vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tutdu.

Heydər Əliyevin rəhbərliyi ilə görülmüş səmərəli və mütərəqqi işlər nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından müasir aqrar-sənaye respublikasına çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək, özünü tam təmin edən, ümumittifaq büdcəsinə töhfələr verən iki ölkədən birinə çevrildi. Həmin dövrdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, milli kadrların hazırlanması, azərbaycanlı gənclərin elmi-texniki və mədəni potensialını yüksəltmək, ölkəmiz üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmək üçün keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər sahələrdə əldə olunan nailiyyətlər Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.

Tükənməz enerjisi, təşəbbüskarlığı və dərin zəkası Heydər Əliyevin ittifaqın məlum ideoloji hüdudları çərçivəsində formaca mövcud quruluşa, siyasətə uyğun, məzmunca milli, xalqımızın etnik-mədəni sisteminin, sosial-iqtisadi həyatının təminatına, gələcəyinə hesablanan siyasəti, əslində, müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gördüyü işlərin təməlini təşkil edirdi. Uzun və kifayət qədər mürəkkəb olan bu dövr dahi siyasətçinin doğma xalqı ilə qırılmaz tellərlə bağlılığını göstərir. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir. 1969-82-ci illər sovet imperiyası daxilində həm də milli varlığın idrak məqamıdır.

Yeni tipli lider kimi Heydər Əliyev bu qayğı və diqqətini elə sovet imperiyasının daxilində – ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyasının müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin – xalqın öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev 5 il bu nəhəng ölkənin rəhbərlərindən biri kimi dünyada gedən qlobal proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu vəzifəsində də mövcud imkan və səlahiyyətlərindən maksimum istifadə etməklə Azərbaycanın hərtərəfli tərəqqisinə çalışan böyük dövlət xadimi mərkəzi büdcənin geniş investisiya imkanlarını respublikamıza yönəltməklə elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın əsaslı şəkildə inkişafına tarixi töhfələr vermişdir. İttifaq miqyasında açıq nəzərə çarpan tənəzzül və durğunluq fonunda Azərbaycan Heydər Əliyevin sayəsində tərəqqi və intibah mərhələsini yaşamaqda davam edirdi. Milli ruh, böyük dövlətçilik məfkurəsi, vətənə və xalqa bağlılıq Heydər Əliyevi total siyasi və ideoloji məhdudiyyətlər çərşivəsində belə müstəqil Azərbaycan dövlətçiliyinin zəruri əsaslarının yaradılmasına ruhlandırırdı.

Bütün bunları zamanında həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanı sonrakı inkişaf yoluna düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Bu baxımdan, öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxmışdır.

Xalqının taleyində mühüm rol oynamış, doğma Vətəninin çiçəklənməsi naminə böyük töhfələr vermiş belə dahi şəxsiyyətin taleyüklü anda hakimiyyətə qayıdışı cərəyan edən ictimai-siyasi və tarixi proseslərin labüd nəticəsi idi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan və sosial-iqtisadi təlatümlərdən xilas etdi.

Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq, bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və böyük dövlətlərin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur “Əsrin müqaviləsi” kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünya miqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı.

Beləliklə, Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrinin görünməsinə və dünyanın qabaqcıl strukturları ilə əlaqələrin qurulmasına start verildi. Bütün bu proseslər sonrakı illərdə davamlı surətdə bir-birini əvəzləyən uğurların təminatçısı və müjdəçisi oldu.

İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən əsas amil olan yeni Konstitusiya qəbul edildi. Ulu öndər Heydər Əliyevin bir epoxadan digərinə ahəngdar keçidi təmin edən çevik təfəkkürlü, modern rəhbər obrazı xarici arenada cəmiyyətimizin həyatındakı həqiqi azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi.

Müstəqil dövlətin lideri olaraq Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı. Ümummilli lider Heydər Əliyevin gərgin işi, zəhməti nəticəsində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzv oldu, dünyanın aparıcı dövlətləri, eləcə də qonşu ölkələrlə diplomatik əlaqələri genişləndirdi, onlarla əməkdaşlıq etməyə başladı.

Dünyada Azərbaycanın rolu və nüfuzu artdı, ölkəmiz beynəlxalq münasibətlərdə söz sahibinə çevrildi. Ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, sosial-iqtisadi inkişaf üçün əsaslı islahatlara başlandı, qanunçuluq möhkəmləndirildi. Dövlət quruculuğu tədbirləri genişləndirildi. Ulu öndərin qətiyyətli fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmləndirildi və rəvan inkişaf yoluna çıxarıldı.

Beləliklə, 1969-cu ildə Azərbaycanı tənəzzüldən xilas edən Heydər Əliyev bu dəfə ölkəmizə müstəqillik, xalqımıza azadlıq bəxş etdi, müasir, müstəqil Azərbaycan dövlətinin banisinə çevrildi. Həmin dövrdə Heydər Əliyevin uzaqgörən dövlət quruculuğu konsepsiyası milli-mədəni dirçəliş, suverenlik ruhunun yüksəlişi istiqamətində həyata keçirilən siyasətlə tamamlanırdı ki, bu da Azərbaycan xalqının müstəqil dövlətçilik ideyalarının reallaşmasında və xalqın milli-azadlıq mübarizəsinin uğurla nəticələnməsində həlledici rol oynadı.

Ulu öndər Heydər Əliyev mənəvi keyfiyyətlərinə, biliyinə, möhkəm iradəsinə, idarəçilik və liderlik qabiliyyətinə görə fenomenal şəxsiyyət, xarizmatik lider kimi səciyyələndirilir. İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən fövqəladə cəhətləri – müdrikliyi, aydın zəkası, möhkəm yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara özünə inam hissini aşılamaq qabiliyyəti Heydər Əliyevin lider portretini dolğunlaşdıran cizgilərdir. Məhz bu keyfiyyətlər ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək qısa müddət ərzində milli mənafelərin, dövlətçiliyin ifadəçisi kimi Azərbaycan xalqının və dövlətinin əleyhinə olan qüvvələrin qarşısında keçilməz sədd çəkməklə ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.

Son 27 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə, həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu xəttin ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal aləmdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasət məhz 1993- cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş kursun – dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi yolunun davamıdır.

Bu gün də Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Heydər Əliyevin ideyalarından qaynaqlanır.

Hadisələrin gedişini, ən azı, bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır.

Son illərdə imzalanmış inkişaf konsepsiyaları, strateji yol xətirələri və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin etmişdir.

Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin layiqli davamçısıdır. İlham Əliyev ümummilli liderin balanslaşdırılmış siyasətini davam etdirərək, dəqiq strategiya yürüdür. Bu gün Azərbaycan xalqı öz nailiyyətləri ilə fəxr edərək, dünya iqtisadiyyatı və mədəniyyətinə öz töhfələrini verir.

Arzuları gerçəkliyə çevirməyi bacaran cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu Azərbaycanı Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir.

Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması dövrü kimi xarakterizə edilir. Düşünülmüş siyasət, operativ dəqiq mexanizmlərlə icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası, davamlı surətdə yaradılan müasir infrastrukturlar ölkənin daha yüksək mərhələyə çatmasına güclü və möhkəm zəmin yaradır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını yeni əlavələrlə zənginləşdirərək daha modern hala gətirməsi respublikamızın intibahında yeni mərhələ açmışdır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə, sosial problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirmişdir.

Bu islahatların genişləndirilməsində və səmərəli nəticələr verməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyük əhəmiyyət daşıyır. Cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımı dövlət idarəçiliyində də cəmiyyətin sosial-mənəvi, intellektual tərəqqisinə və sağlamlığına xidmət edən islahatlara yeni nəfəs vermişdir. Onun daxili və xarici siyasətdə bütün dünyada təqdir olunan fəaliyyəti, ölkəmizdə təhsilin, səhiyyənin, elmin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü böyük işlər, sadalamaqla bitməyən mütərəqqi və xeyirxah əməlləri dövlətimizin qüdrətlənməsinə və millətimizin rifahına töhfələr verməkdə davam edir.

Qürurumuzu artıran haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilmiş nəhəng işlər sayəsində bu gün Azərbaycanın adı artıq dünyanın demokratik və sürətlə inkişaf edən dövlətlərinin sırasında çəkilir. Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaqdır. Bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol həmişə daha dərin və geniş məzmunda, konseptual şəkildə açılacaqdır. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Fenomen insan Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan genişspektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir.

Zaman keçir, hər şey durulur və Heydər Əliyevin yarım əsrlik siyasi yaradıcılığı bu gün müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir. Azərbaycanda inkişaf etmiş, böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa onun adıyla bağlıdır! Bu tarixdir! Yaddaşlara əbədi həkk olunmuş tarix!

Şərəfli ömrünü Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyevin adı dünyanın hər yerində daim dərin hörmətlə çəkiləcək, onun əziz və unudulmaz xatirəsi millətimiz tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir.

Asif ƏSGƏROV,
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Keçidlər