Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda Moskva prospekti boyunca 20 Yanvar dairəsindən “Şamaxinka” deyilən əraziyə qədər geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılmışdır. Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılır, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır, görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə təmizlik işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, səliqə-səhman yaradılır.
Görüləcək işlər çərçivəsində 1000 kv.m qazon örtüyünün vurulması, 1500 kv.m-dən artıq səki daşlarının yenilənməsi və bərpası, 500 p/m bardürün quraşdırılması nəzərdə tutulmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən olan təkliflər nəzərə alınaraq yeni layihələr müzakirə olunur.