Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz məzunlar!

13 iyun 2020 | 16:00

Sizlərin hər birinizi həyatınızda müstəsna yeri olan son zəng günü münasibəti ilə öz adımdan və Rayon İcra Hakimiyyətinin Aparatı adından   səmimi qəlbdən təbrik edir, hər birinizi istədiyiniz təhsil müəssisəsinin tələbəsi olmağınızı arzulayır və gələcək fəaliyyətinizdə uğurlar diləyirik.

Bildiyimiz kimi Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həmişə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilmiş, Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənib hazırlanmışdır. Dahi şəxsiyyətin bu mühüm və taleyüklü sahədəki müdrik siyasəti onun ən layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir.

Ölkə başçısı cənab İlham Əliyevin qayğısı və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər məktəb quruculuğu sahəsində aparılan işlərin nəticəsi olaraq  Azərbaycanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da məktəblərimizin siması dəyişmiş, bütün məktəblərimiz əsaslı təmir edilmiş və maddi-texniki bazası möhkəmləndirilmişdir.

Azərbaycan məktəbi bu gün həm də məzmunca  yeniləşir, modernləşir. Təhsilimiz hər zaman öz fədakar, yüksək səriştəli pedaqoqları ilə seçilib. Təhsilimizin ayrı-ayrı sahələrinin inkişafı üzrə hazırlanıb təsdiq edilmiş dövlət proqramlarının reallaşdırılması nəticəsində infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Hər il respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayon məktəblərində də son zəng tədbirləri böyük coşqu ilə qeyd olunurdu. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu il dünyanı bürüyən COVİD 19 pandemiyası ilə əlaqədar mart ayının əvvəllərindən bütün tədris müəssisələri bağlanıldı. Azərbaycan gənclərinə dövlət qayğısının bariz nümunəsidir ki, son aylarda məktəblilərin təhsildən kənarda qalmaması üçün onlayn dərslər təşkil olundu.

Əziz məzunlarımız!

Əminik ki, çoxunuz təhsilinizi təhsilin növbəti pilləsində davam etdirəcəksiniz. Bu sahədə ölkəmizdə mühüm işlər görülmüşdür. Azərbaycanda yeni universitetlər yaradılmış, aparıcı beynəlxalq universitetlərin filialları açılmış, dünyanın aparıcı universitetləri ilə bizim qabaqcıl universitetlərimiz arasında ikili diplom proqramları təsis edilmişdir. İnanıram ki, hər biriniz bu imkanlardan maksimum surətdə faydalanacaqsınız.
Bu gün son zəng tədbirlərinin canlı keçirilməsi mümkün olmasa da Sizlər orta təhsilinizi başa vurur, müstəqil həyata qədəm qoyursunuz. Fürsətdən istifadə edərək, bir daha  hər birinizi son zəng günü münasibəti ilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq.

Səmimi və xoş arzularla,
      Asif  Əsgərov
      Nəsimi rayon İcra
      Hakimiyyətinin Başçısı

Keçidlər