Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilmişdir.
Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə İcra Hakimiyyəti Başçısı müavinlərinin, aparatın şöbə müdirləri və məsul əməkdaşlarının, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon Bələdiyyəsi sədrinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəisinin iştirakı ilə video-müşavirə keçirilmişdir.
Video-müşavirədə Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin şəffaf fəaliyyət prinsiplərinin tələblərinə, tapşırıq və tövsiyyələrinə dövlət qulluqçusu statusu daşıyan hər bir kəsin birmənalı riayət etməli olduğunu və bu məsuliyyətin dərk edilməsinin vacibliyini vurğulayaraq, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatları ölkəmizin yeni inkişaf mərhələsini şərtləndirir. Xüsusi qeyd edildi ki, cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, vəzifə səlahiyyətlərindən öz mənafelərinə uyğun istifadə edən şəxslərin dövlət tərəfindən cəzalandırılması Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
Müşavirədə RİH Başçısı əhali arasında sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması üçün bütün maarifləndirici işlərin davam etdirilməsini, mütəmadi monitoriqlərin keçirilməsini, təhlillərin aparılması və bu sahədə işin səmərəliliyinin artırılmasının zəruriliyini bildirdi.
Nəsimi rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbirlər olaraq küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binalarının girişləri, lift kabinələri, məişət tullantıları konteynerlərinin dezinfeksiya olunduğu və bu işlərin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən davam etdirildiyi qeyd olundu.
Bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioliji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür, rayon ərazisində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə sosial aksiyalar davam etdirilir, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.
Qeyd olundu ki, Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Müşavirədə çıxış edənlər görülən işlər barədə geniş məlumatlar verdilər. Müşavirənin yekununda aidiyyəti şəxslərə RİH Başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.