Nəsimi rayonunda karantin tədbirləri davam etdirilir
Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nəsimi rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.
Operativ Qərargahın üzvləri yaradılmış mobil qruplar ilə birgə rayon ərazisində karantin dövründə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirərək xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı təbliğat-izahat və maarifləndirmə işlərini davam etdirirlər.
Həmçinin rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə əhalinin hərəkətinin sıx olduğu yerlərdə, ticarət obyektlərində, bazarlarda, xidmət sahələrində və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş ciddi tədbirlər görülür. Eyni zamanda mobil qruplar sakinlərlə maarifləndirici söhbətlər apararaq, onlara koronavirus infeksiyasına yoluxma hallarının qarışısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.
İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvləri rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələri ilə sıx əlaqə quraraq səhiyyə müəssisələrinin ətraf ərazilərində dezinfeksiya işlərinin aparılmasını və tələb olunan sanitar-gigiyenik vasitələrin təminatını daim nəzarətdə saxlayır.