Nəsimi rayonunda Milli Mətbuat günü ilə bağlı video-müşavirə keçirilib
Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 145 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələri nümayəndələrinin iştirakı ilə video-müşavirə keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə keçirilən video-müşavirəni giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, 145 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir.
Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Qeyd olunmuşdur ki, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır.
Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
Video-müşavirədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğı xüsusi vurğulandı.
Tədbirdə ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən koronavirus pandemiyasına qarşı mübarizəyə mühüm əhəmiyyət verildiyi, dövlət başçısının təşəbbüsü ilə Türk Şurasının, həmçinin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 130-dan çox ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşlərinin keçirilməsi xüsusi vurğulanaraq belə tədbirlərin beynəlxalq səviyyədə Azərbaycana və Prezident İlham Əliyevə olan böyük inamın və etimadın göstəcisi kimi dəyərləndirildiyi bildirildi.
Video-müşavirədə iyul ayının 12-də erməni silahlı birləşmələri tərəfindən Azərbaycan sərhədlərinin Tovuz istiqamətində pozulmasına cəhd edilməsinin Milli Ordumuzun əsgərləri tərəfindən qarşısının alınması və bu ağır günlərdə Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında daha sıx birləşdiyi, ordumuza olan ümumxalq inamı xüsusi qeyd olundu.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılov Milli Mətbuatın 145 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat vermiş, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlığını bildirmişdir.
Video-müşavirədə mətbuat nümayəndələri çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.