Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Moskva prospekti 96 ünvanında aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir.
Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda ( “Şamaxinka” deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılır.
Görülmüş işlər çərçivəsində Moskva prospekti 96 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahələrinin fasadları təmir olunur, pilləkənlər və istinad divarları əsaslı təmir edilir. Hazırda 250 kv.m sahəyə səki daşı döşənmişdir.Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılmışdır. Hal hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
Görüş zamanı karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmasının vacibliyi bildirilmiş, sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.