Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir.
Öz döğma torpağı uğrunda savaşa qalxan Azərbaycanın əsgər və zabitləri qəhrəmancasına döyüşərək öz torpağında yaralanır, öz torpağı uğrunda şəhid olur və dədə-baba yurdunu düşmən tapdağından azad etmək üçün silaha sarılır.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı Vətən uğrunda gedən döyüşlərdə yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə Ali Baş Komandan savaş meydanında aciz durumda qalan Ermənistan rəbərliyinə çıxış yolunu göstərərək atəşkəs şərtini bəyan etdi: hələ ki, gec deyil, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olun! "Bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.
Əgər cənab İlham Əliyevin bu şərtinə əməl olunarsa, döyüşlər dayanacaq, qan tökülməyəcək, bölgəyə sülh gələcək. Çünki sülhü istəyən Azərbaycandır. Belə olmasaydı, 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Azərbaycan Prezidenti həmçinin erməni xalqına müraciət edərək üzləşdikləri acınacaqlı durumdan xilas yolunu göstərdi - erməni xalqı öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin. Əgər onlar sülh şəraitində yaşamaq istəyirsə, öz hökumətini məsuliyyətə cəlb etsin. Övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər.
Artıq neçə gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri düşməndən azad edib, çosaylı yaşayış məntəqəsi işğalçıdan təmizlənib. Uzun fasilədən sonra yenidən doğma yurda ayaq basırıq və indi bu torpaqlarda üçrəngli bayrağımız dalğalanır.
Prezidentin də söylədiyi kimi, artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz. Ona görə erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. İndi Azərbaycan tarixi ədaləti bərpa edir.
Cəbhədə Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, canlı qüvvəsi, hərbi texnikası məhv edilir. Bütün bunların səbəbkarı Ermənistan hakimiyyətidir. Cənab İlham Əliyev dəfələrlə işğalçıya xəbərdarlıq etsə də, nə beynəlxalq təşkilatlar Ermənistana təzyiq etdi, nə də N.Paşinyan təxribatlarından, uydurma fikirlərindən, qanunsuz "məskunlaşdırma” siyasətindən əl çəkdi.
Bu gün Azərbaycan Ordusunda da, ölkə ictimaiyyətində də böyük ruh yüksəkliyi var. Dövlət başçısının söylədiyi kimi, qanlı döyüşlər Azərbaycan xalqı üçün həqiqət anıdır.
Prezident vətən vurğunda yaralanan hərbi qulluqçuları təbrik edərək bildirdi ki, onlar gənc yaşlarında böyük qəhrəmanlıq, şücaət göstərib adlarını Azərbaycan tarixinə yazdırırlar.
Ali Baş Komandan bütün yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyərək onlara öz adından, Azərbaycan xalqı adından təşəkkürünü bildirmiş, Azərbaycan xalqının onlarla qürur duyduğunu vurğulamışdır..
Yaralı hərbçilərimizin tez bir zamanda sağalması üçün xəstəxanalarda bütün imkanlar yaradılıb. Dövlət başçısı da demişdir ki, bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, xalq onlara dəstək olmalıdır: "Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.
Ali Baş Komandanın "Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikri hər kəsin ürəyini dağa döndərir.