Şriftin ölçüsü :

Saytın rəngi :

Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq !

06 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev Cəbrayıl şəhəri və ətraf kəndlərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciət edərək vətən müharibəsində Ordumuzun uğurlarının davam etdiyini bildirmişdir. Hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəlir. Ermənistanın 1994-cü ildən bəri möhkəmləndirdiyi, keçilməz hesab etdiyi istehkamlar, ön xətt mövqeləri bir-birinin ardınca darmadağın edilir, işğal altında olan kəndlərimiz, strateji yüksəkliklər sürətlə düşməndən təmizlənir. Cəbrayıl şəhərində, Suqovuşan və digər neçə-neçə kəndimizdə artıq Azərbaycan bayrağı ucalır.

Bu gün Ordumuz tarixi-ədaləti inamla bərpa edir. Azərbaycan BMT TŞ-nin 30 ilə yaxındır icra etmədiyi 4 qətnaməsinin tələblərini özü inamla təmin edir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn şərtlərini işğal olunmuş ərazilərimizdə reallaşdırır. Ən əsası Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünün müstəsna hüququnu yerinə yetirir. Xəbərdarlıqlardan nəticə çıxarmayan, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyən, son dövrlər təxribatlarını daha da artıran Ermənistan indi tarixinin ən ağır günlərini yaşayır, xilas üçün ona-buna yalvarır. Hərbi əməliyyatlar, Ermənistanı cəzalandırma tədbirləri isə işğala son qoyulana qədər davam edəcək.

Beləliklə, bu gün cəbhə xəttində baş verənlər yalnız və yalnız Azərbaycanın özünün hüquqlarını bərpa etməsidir. Sentyabrın 27-də təxribatın qarşısının alınmasından bəri Ermənistanın hərbi texnikasına, hərbi infrastrukturuna və təchizatına ciddi zərbələr vurulub. Ümumiyyətlə, Azərbaycan problemin müharibə yolu ilə həllini heç vaxt istisna etməyib. Respublikamızın həyata keçirdiyi modern ordu quruculuğunun ən mühüm səbəbi elə budur.

Ermənistanın avqust ayında Goranboy istiqamətində törətmək istədiyi diversiya, könüllü hərbi birliklərin yaradılmasına başlaması isə yeni müharibəni tamamilə labüd etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə dünya ictimaiyyətini vaxtında xəbərdar etmişdi.

Ordumuz tarixi vəzifəsini şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. Azərbaycanın qarşısında duruş gətirə bilməyən Ermənistan isə zəifilyinin əlaməti olaraq döyüşlər getməyən şəhərləri, mülki insanları atəşə tutur, bu kimi təxribatlarla döyüş meydanını dəyişmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyir. Bütün bunlar Ermənistanın işğalçılığının son akkordlarıdır. Düşmənin diz çökdürülməsinə sayılı günlər qalır. Artıq Ermənistanı köç dalğası bürüyüb. Respublikamızın 1993-cü ildə yaşadığını indi ermənilər yaşayır.

Ermənistana bu müharibədə elə bir zərbə vuruldu ki, yarası heç vaxt sağalmayacaq. Ona görə Paşinyan hökumətinin yeganə çıxış yolu İlham Əliyevin şərtlərini qəbul etməkdir. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməkdə davam edəcək.

 

Keçidlər