Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda uşaq bağçalarının əsaslı təmirdən sonra açılışlarında iştirak etmişdir.

07 iyun 2013 | 15:00

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 6-da Nəsimi rayonundakı 74 və 92 nömrəli, körpələr evi-uşaq bağçalarının əsaslı təmirdən sonra açılışlarında iştirak etmişdir.
Heydər Əliyev Fondunun prezidenti əvvəlcə 74 nömrəli körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.
Mehriban xanım Əliyevaya və qızı Arzu Əliyevaya gül dəstələri təqdim edildi.
Azərbaycanın birinci xanımı bağçanın əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq körpələr evlərinin, uşaq bağçalarının, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Nəsimi rayonundakı 74 və 92 nömrəli körpələr evi-uşaq bağçaları da bu inkişaf proqramına uyğun olaraq əsaslı təmir edilmişdir.
zərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr həyata keçirir, dövlətin bu istiqamətdəki siyasətinə daim dəstək olur.
Qeyd edildi ki, 1962-ci ildən fəaliyyət göstərən bağçada bu illər ərzində heç vaxt əsaslı təmir işləri aparılmamışdır. Ötən ilin mayında başlanılan əsaslı bərpa işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün lazımi şərait yaradılmışdır.
Mehriban xanım Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, burada 75 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. Bağçanın ikimərtəbəli binasında dörd qrup vardır. On iki otağı olan müəssisədə musiqi zalı da yaradılmışdır. Buradakı şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir.
Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 92 nömrəli körpələr evi-uşaq bağçasının da əsaslı təmirdən sonra açılışında iştirak etdi.
Qeyd olundu ki, bu bağça da 1962-ci ildən fəaliyyət göstərir. Müəssisədə ayrı-ayrı illərdə bərpa işləri aparılsa da əsaslı təmirə ehtiyac yaranmışdı. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq ötən il burada əsaslı təmir işlərinə başlanılmışdır. Təmir işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.
Müəssisə ilə tanış olan birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, ikimərtəbəli binada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Məktəbəqədər, orta və kiçik qrupların fəaliyyət göstərdiyi bağçada 2 yaşından 6 yaşadək, ümumilikdə 75 uşağın təlim-tərbiyəsi ilə 20 nəfərlik pedaqoji və xidməti heyət məşğul olacaqdır. Bu uşaq müəssisəsi də bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən lazımi inventarlar hədiyyə olunmuşdur.
Mehriban xanım Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi. Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva bağçanın kollektivinə uğurlar arzuladı.

Keçidlər