Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan Ordusu bir qarış torpaqlarımızı belə düşmən tapdağı altında qoymayacaq.

09 oktyabr 2020 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi  münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını diqqətə çatdırıb: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Möhtərəm Prezidentimiz qeyd edib ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir.

Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.

Əks-hücum əməliyyatları ərzində qısa müddətdə Füzuli və Cəbrayıl rayonlarının 20-yə yaxın kəndini işğaldan azad edilməsi, Suqovuşan (Madagiz) yüksəkliyini ələ keçirilməsi, Suqovuşan su anbarından Azərbaycan rayonlarına suyun buraxılması, Ermənistan silahlı qüvvələrinin artilelriya və digər ağır texnikalarının dəqiq atəşlə məhv edilməsi Ali Baş komandanın müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun qüdrətini göstərir. 

Xalqa müraciətində ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bir daha vurğulayan  Dövlət başçısımız bildirib ki, düşməni bundan sonra da qovacağıq: “Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları, axıra qədər. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq!”

Azərbaycan işğal altında olan torpaqları azad edir: “Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək də əlverişli mövqelərə sahib olurlar. Əməliyyat planı tam icra edilir. Əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahibdir. Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilib, eyni zamanda hərbi qənimət götürülüb. Sentyabrın 27-dən bu günədək Ermənistan ordusuna çox böyük zərbə vuruldu. 16 komanda məntəqəsi, 196 tank, 38 MB -21, 1 Uraqan, 10 özüyeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 REM və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 ASA zenit raket kompeksi, 2 KUB zenit raket kompeksi, 4 radio texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd TOS 1A odsaçan sursat, 2 əsəd radiolokasiya stansiyası məhv edilib.

18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minatan, 4 UAZ,  1 ekskovator, 27 İqla kompelski, 1 ZİL, 9 QAZ maşını ələ keçib. Düşmənin əlində bir dənə olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnika yoxdur”.

Ermənilər bizim gücümüzü, iradəmizi gördülər: “Gördülər ki, dünyada heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, biz ərazi bötüvlüyümüzü bərpa edəcəyik. İşğalçıya sonuncu dəfə şans veririk. Çıxın, öhdəlik götürün. Ermənistanın Baş naziri özünü nə hesab edir?”- deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Ordusu bir qarış torpaqlarımızı belə düşmən tapdağı altında qoymayacaq.

 

Keçidlər