Biz haqlıyıq, torpaqlarımızın işğaldan azad olunmasında biz zəfər çalacayıq. Qarabağ Azərbaycandır !
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şanlı Azərbaycan Ordusunun Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad etdiyini elan etmişdir.
Azərbaycan Ordusunun zəfər yürüşü onun sıralarındakı cəsur və mərd oğulları tərəfindən gerçəkləşir. Gənclərimizin cəbhədə bir-birinin ardınca uğurlar əldə etmələri, düşmənlə təmas xəttində döyüş şücaətləri göstərmələri və xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələrini yazmaları hər bir vətəndaşımızda ruh yüksəkliyi yaradır, orduya inam, qələbəyə əminlik hissini gücləndirir. Bu gün hamımız inanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycanın apardığı bu savaş möhtərəm dövlət başçımız İlham Əliyevin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz xalqımızdır, Azərbaycandır.
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirməklə əldə etdiyi mühüm qələbələr xalqımız tərəfindən böyük sevinclə qarşılanır.
Hələ Aprel döyüşləri və Tovuz hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi birlik bir daha hər birimizdə qəti əminlik yaratmışdı ki, yurd-yuvasından didərgin düşən məcburi köçkünlərimiz gec-tez öz əzəli torpaqlarına qayıdacaqlar. Son erməni təxribatlarından sonra isə Böyük Qələbənin, Böyük Qayıdışın reallaşması üçün ciddi zəmin yarandı. Cənab Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsindən sonra gənclərimizin yüksək ovqatla döyüş meydanına yollanması, dövlətimizin başçısına ünvanlanan çoxsaylı müraciətlər də bir daha göstərir ki, Azərbaycan xalqının vətənpərvərlik hissi ən yüksək səviyyədədir.
“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.