Şəhid Dmitri Solntsev dəfn edildi
Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Dmitri Aleksandroviç Solntsevlə vida mərasimi keçirilib. Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin nəşi doğulduğu Nəsimi rayonunda yerləşən mənzilinə bu gün sonuncu dəfə gətirilib.
“Qafqazinfo” xəbər verir ki, valideynlərini erkən itirən və yeganə bacısı Yuliya ilə birgə böyüyən Dmitrini bütün rayon ictimaiyyəti təntənəli şəkildə qarşılayıb və yola salıb.
“Fəxr edirəm ki, belə dayım var. O şəhid olmağı ilə mənə və onun kimi igid oğullara bir nümunədir. O, bizim baş ucalığımızdır. Sevinirəm ki, qanı yerdə qalmadı. Uğrunda döyüşdə şəhid olduğu Qubadlı rayonu dünən müzəffər ordumuz tərəfindən azad olundu. Vətən sağ olsun!”, - şəhidin bacısı oğlu Anar Süleymanov dəfn mərasimində bildirib.
Mərasimdə iştirak edən yaxınları, müəllimləri onunla bağlı xatirələrini dilə gətiriblər. Ali məktəbi qırmızı diplomla bitirən və TƏBİB-də koronaviruslu xəstələrin müalicəsində könüllü kimi işə başlayan Dmitri Vətənin dar günündə də özünü cəbhəyə çatdırıb.
Şəhidimizin üçrəngli bayrağımıza bükülmüş tabutu hərbçilərin çiynində dini ayinlərin icrası üçün Rus Provaslav Kilsəsinə gətirilib. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə İkinci Fəxri Xiyabanda dəfn edilib.