Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq 5 girişli, 9 mərtəbəli Alı Mustafayev küçəsi 10 və 12 saylı ümumi yaşayış binalarının fasadlarında başlanılmış bərpa və rəngləmə işləri başa çatdırılmış, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.
Görülmüş işlər çərçivəsində həyətlərə 500 kv metrdən artıq asfalt örtüyü vurulmuş, 200 p-m-dən artıq yeni bardür quraşdırılmış, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilmiş, 300 kv metrə yaxın ərazidə yeni yaşıllıq zolağı salınaraq qazon vurulmuş, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanmış, həmişəyaşıl ağac və kollar əkilmişdir.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah və 8 ədəd oturacaq qoyulmuş, müxtəlif növ uşaq elementləri və idman qurğuları quraşdırılmışdır.
Həyətdə yüngül konstruksiyalardan ibarət basketbol meydançası quraşdırılmış və işıqlandırma sistemi yenidən qurulmuşdur.
Hazırda son tamamlanma işləri aparılır.
Rayonun həm mərkəzi həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.