Xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider
Xalqın qəlbində əbədi yaşayan ümummilli lider
Xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci ildönümünü onun ən böyük arzusunun çin olmasının – Qarabağın düşməndən azad edilməsinin sevinci ilə qeyd edir. Artıq 1 aydır ki, ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə millət atası Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyəti gerçəkləşdirilmişdir
Zaman bizə 29 illik müstəqillik tariximizdə çoxsaylı əlamətdar və yaddaqalan hadisələr ¬yaşatdı. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı. Azərbaycan möhtəşəm qələbə əldə etdi. Bu qələbə dövlətimizin gücünü, qüdrətini, Azərbaycan xalqının döyüş ruhunu, qələbə əzmini dünyaya bir daha təqdim etdi. Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması uğrunda başladığımız müqəddəs Vətən Müharibəsinin böyük və möhtəşəm qələbə ilə sona çatması tariximizın ən parlaq səhifəsidir. Bu hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müasir tariximizin ən möhtəşəm hadisəsidir. Bu qələbənin siyasi, mənəvi, bəşəri mənası olduqca zəngin və ehtişamlıdır. Və ən əsas odur ki, bəşəriyyət Azərbaycanın bir dövlət olaraq gücünün bir daha fərqində oldu. Azərbaycan Respublikası Prezidentinin siyasi, diplomatik hazırlığını, bacarıqlı dövlət rəhbəri, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə olduğuna bir daha əmin oldu. Xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu.
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. - Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər cənab ölkə rəhbəri İlham Əliyevin son 17 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
12 dekabr 2003-cü il Müstəqil Azərbaycan Dövlətinin qurucusu olan Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Azərbaycanı dünyada tanıtmış və yeni müstəqillik epoxasına hazırlamış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış ümummilli lider Heydər Əliyev artıq 17 ildir ki, tarixin onun üzərinə qoyduğu liderlik missiyasını böyük məharət və ləyaqətlə yerinə yetirib əbədiyyətə qovuşmuşdur. Hər il ulu öndərin əbədiyyətə qovuşduğu günün ildönümündə soydaşlarımız dünyanın hər yerində ümummilli liderimizin ölməz xatirəsini sonsuz ehtiram və qədirbilənliklə yad edirlər. Onun müqəddəs məzarı xalqımızın həmrəylik və milli qürur rəmzinə çevrilibdir.
Bu anım mərasimləri dahi öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi, ölkəmizin sivil tərəqqi yoluna çıxarılması, hərtərəfli inkişafa qovuşması kimi tarixi missiyasının önəmini xalqımızın qədərincə anlamasının və lazımınca dəyərləndirməsinin aydın göstəricisidir.
Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sabaha inamımızı artırmış “Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var – Heydər Əliyev də var olacaqdır” deyimində ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha dərindən və aydın dərk olunur. İllər keçir, Ulu Öndərin "Azərbaycan dünyaya günəş kimi doğacaq!" idealı həqiqətə çevrilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in¬ki¬şaf yolu vardır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda bu dövlətin - müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Heydər Əliyev zəngin və geniş dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimlərindən biridir. Dövlətçiliyin nəzəriyyəsi ilə təcrübəsinin möhkəm vəhdətinə nail olmaq və bütün bunları özünün intellektual qabiliyyətləri ilə əlaqələndirməyi bacarmaq Heydər Əliyev fenomeninin əsaslarını təşkil edir.
Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir. Siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi formalaşdırmışdır.
Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyevin unikallığını səciyyələndirən xüsusiyyətlər saysız-hesabsızdır. Adi vətəndaşdan tutmuş dünyanın ən qüdrətli ölkələrinin başçılarına qədər onunla müxtəlif mövzular ətrafında ünsiyyətdə olan hər bir kəs qarşısındakının fenomenal yaddaşından və ensiklopedik biliklərindən heyrətə gəlirdi. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyaşarlıq qazandı.
XX yüzildə müasir Azərbaycanın yaşarı modelini məhz müstəqil Azərbaycan dövlətçiliyinin memarı, qurucusu Heydər Əliyev gerçəkləşdirə bilmişdir.
Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.
Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın cizgilər qazanır. Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir.
Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev mövqeyinin və iradəsinin şah əsəridir. Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır. Konkret mövqe ifadə etmək və aydın siyasi-mənəvi iradəyə malik olmaq Ulu Öndər Heydər Əliyevin nümunəsində sınaqlardan çıxmış dəyərlərdir. Bu da böyük siyasətdə Heydər Əliyev dövlətçilik məktəbinin ibrətamiz dərsləridir.
Tarixdə xalqına, onun yüksəlişinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların milli dəyərlərdə təcəssüm tapmasına nadir hallarda təsadüf olunur. Böyük Öndər məhz belə rəhbər və dövlət xadimi idi. O, sovet dövründə də, müstəqillik dövründə də ən böyük azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən zəngin bir sima idi. Onu milli dəyərlərimiz, varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm, qırılmaz tellər var idi. Bu, bir cəsarət, qətiyyət, vətənpərvərlik nümunəsi idi...
Heydər Əliyev bu nümunəni tarixin bütün anlarında təkrar-təkrar nümayiş etdirmişdir. Milli ruhun daşıyıcısı olan ziyalılarımızı təzyiq və təqiblərdən qoruyanda, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə, Azərbaycan və ümumilikdə, müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə də, prinsipiallıqda da...
Tərcümeyi-halının bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur. Bu düşünülmüş, əqidə kimi qəbul edilmiş ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən seçilmiş ən məqsədəuyğun taktika ilə dönmədən həyata keçirilmişdir. Buna görə də haqlı olaraq Heydər Əliyev dünya miqyasında əsl strateq kimi qəbul olunur.
1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bundan başqa, sovet dövrünün çətin, sərt siyasi-ideoloji mühiti çərçivəsində Azərbaycanda həm də milli maraqların inkişaf etdirildiyi bir dövlətçilik sistemi formalaşdırmaq Heydər Əliyevin müəyyən olunmuş düşünülmüş strategiyası idi.
Bu uzunmüddətli strategiyanı mərhələ-mərhələ həyata keçirmək üçün SSRİ rəhbərliyində apardığı danışıqlar, müzakirələr, bunların əsasında ümumittifaq miqyasında və respublika səviyyəsində qəbul etdirməyə nail olduğu qərarlar görkəmli dövlət xadimi Heydər Əliyevin konkret və aydın mövqeyinin ifadəsi idi.
Həqiqətən, Ümummilli Liderin o illərdə gördüyü işlər təkcə bir dövlət xadiminin üzərinə düşən vəzifələrin icrası deyildi. Bu, xalqa, dövlətə dərin sevginin ifadəsi idi. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşmüşdür. Bu dövr Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır.
Onun rəhbərliyi ilə respublikada bütün proseslər bir-birinə paralel gedirdi, bir-birini ahəngdar şəkildə tamamlayırdı. Və onların hər biri ən xırda detalına qədər şəxsən Heydər Əliyevin öz nəzarətində idi. Ulu Öndərin verdiyi məqsədyönlü qərarlar, təsdiqinə nail olduğu inkişaf proqramları, yerlərdəki kadr təyinatları, güzəştsiz, prinsipial iş metodları sayəsində Azərbaycan canlanıb inkişaf edirdi.
Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt İttifaqa rəhbərlik edənlərin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bu vəzifədə işlədiyi müddətdə İttifaqda mövcud olan ən problemli sahələrlə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi.
Uzun illər keçəcək, lakin milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından çox məharətlə xilas edən Heydər Əliyev bir şəxsiyyət kimi sirr olaraq qalacaqdır.
Bəli, Heydər Əliyev dahi idi. Heydər Əliyevin dahiliyinə möhtəşəmlik və sadəlik, gücünə, qüdrətinə əbədilik və şəxsiyyətinə müdriklik verən, ona haqq etdiyi ehtiramı qazandıran, ümumbəşər məşhurluğu gətirən, ulu öndər və ümummilli lider zirvəsinə yüksəldən və nəhayət tarixin ölməzlik rəmzinə çevirən də elə onun şəxsiyyət xüsusiyyətlərindəki böyüklükdür.
Heydər Əliyev dahiliyi uzun illər ərzində çətin tarixi süzgəclərdən keçərək, zaman-zaman cilalanmış, ağlasığmaz dərəcədə yaradıcılıq qabiliyyətinə malik bir mənbəyə çevrilmiş və həmişə özünü Vətəninin, xalqının müqəddəratının həll edildiyi vaxtlarda büruzə vermişdir. Bunun belə olduğunu tarixin özü təsdiq etdi.
Ümummilli lider Heydər Əliyev sivilizasiyaların qovuşuğunda, daha dəqiq desək, böyük güclərin qlobal iqtisadi və siyasi maraqlarının toqquşduğu bir məkanda müstəqil və güclü Azərbaycanın da təməlini qurmağa müvəffəq oldu. Bu, bir təcrübəli dövlət adamı, siyasi lider kimi onun üzərinə tarixin, taleyin və xalqın quyduğu missiya idi. Lakin Ulu Öndərimiz daha böyük bir missiyanı həyata keçirərək, yeni dövr Azərbaycanının ideoloji postulatını da formalaşdırdı. Azərbaycançılıq ideologiyasını irəli sürməklə siyasi və dövlətçilik fəlsəfəsini milli birlik məfkurəsi kimi təkmilləşdirdi. Böyük öndərimiz yalnız dövlətin iqtisadi, hərbi, diplomatik əsaslarını yaratmadı, həm də onun ideoloji inkişaf konsepsiyasının müəllifi oldu.
1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndər öz tarixi missiyasını davam etdirərək ölkəni, xalqı böyük bir fəlakətdən qurtardı – sözün böyük və həqiqi mənasında azadlığını, müstəqilliyini itirmək təhlükəsindən. Bu dövr Azərbaycan tarixinin qızıl həriflərlə yazılmış səhifəsinə çevrildi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş günü oldu. 15 iyun - Milli Qurtuluş Günü, yalnız Azərbaycanın siyasi qurtuluşunun tarixi yox, həm də Azərbaycanın xaosdan, ümumiyyətlə siyasi xəritədən silinmə təhlükəsindən faktiki xilas olunduğu tarixdir.
Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.
Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində gələcəyin təməlini qoymuş oldu.
On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkəni dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövlət kimi millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi.
Heydər Əliyev geosiyasi ziddiyyətlərin, iqtisadi kataklizmlərin burulğanında müstəqil bir dövlət qurmaqla əslində Azərbaycan xalqının mövcudluğunu qorumağa nail oldu. Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, sosial-mədəni, hüquqi və ideoloji əsaslarını yaradan Heydər Əliyev qısa müddətdə ölkəni yeni bir inkişaf mərhələsinə çıxardı. 1993-cü ildən başlayaraq ictimai-siyasi sabitliyin təmin olunması, beynəlxalq münasibətlər sistemində öz yerini tutması, iqtisadiyyatda sabitliyin, daha sonrakı illərdə isə həm də davamlı inkişafın əldə edilməsi, demokratik ənənələrə əsaslanan siyasi sistemin formalaşması, modern ordu quruculuğu və digər sahələrdə əldə olunmuş uğurlar Heydər Əliyevin irəli sürdüyü müasir milli dövlətçilik strategiyasının məntiqi nəticələri idi.
Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi.
Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirdi, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etdi. 1994-cü ildə məlum "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividenflər bəxş etdi. Bugünkü Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil. Beləliklə, Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu və inkişafa, tərəqqiyə xidmət edən islahatlar reallaşdırıldı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünvanı hər kəsə bəlli oldu.
İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən Heydər Əliyev formasiyaların və sistemlərin müxtəlifliyinə baxmayaraq, zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığı və ən mürəkkəb vəziyyətlərdə belə məsuliyyəti öz üzərinə götürərək ən düzgün qərarları qəbul etmək səriştəsi ilə əsl liderlik nümunəsi göstərdi. XX əsrin son onilliyinə real parçalanmaq təhlükəsi ilə qədəm qoyan Azərbaycan Heydər Əliyevin dühası sayəsində XXI əsrin birinci onilliyinə artıq özünü təsdiq etmiş, gələcək inkişaf imkanları şübhə doğurmayan uğurlu dövlət kimi daxil ola bildi.
Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır.
Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri bir daha onu göstərdi ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, siyasi hadisələrə müdaxilələri olmasaydı və İlham Əliyev Azərbaycanın rəhbərliyinə gəlməsəydi müstəqilliyi hələ bərkiməyən ölkənin və dünya azərbaycanlılarının taleyi barədə şübhələr bu gün də hökm sürərdi.
Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan həm milli iftixar duyğusu, həm də bugünümüzün və sabahımızın mahiyyətidir, hərəkətverici qüvvəsidir. Qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin müstəqil dövlətçilik idealları Azərbaycan xalqının əbədiyyət yoludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçilik yollarındakı dönməz mövqeyi, yaradıcı dühası, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev epoxasını tamamlamış və yeni tarixi era yaratmışdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir.
Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.
2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 17 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətimizin yeni tarixi mərhələdəki yüksək və hərtərəfli inkişafını təmin etməklə müstəqil dövlətimizi qətiyyətlə irəli aparır. Dünyada baş verən müasir hərbi-siyasi proseslərə, iqtisadi çalxalanmalara, yeni sənaye inqilablarına çağırışlara, habelə multikultural dəyərlərə fərqli baxışlara uyğun olaraq müstəqil dövlətimizin inkişaf strategiyası və taktikasını daim yeniləşdirən və zənginləşdirən Prezident İlham Əliyev özünün dərin analitik təfəkkürü və çoxcəhətli yorulmaz fəaliyyəti ilə XXI əsrin əsl modern dövlətçilik nümunəsini göstərməkdə davam edir.
Dövlət rəhbərimizin fəaliyyətinin hər anı, hər səhifəsi Azərbaycan xalqının bugünkü inkişafına və daha xoşbəxt gələcəyinə xidmətin əməli ifadəsidir. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətin nəticəsində müstəqil Azərbaycan Respublikası qısa müddətdə nəinki regionda, dünya miqyasında söz sahibinə çevrilmişdir.
Dünyanın ən mötəbər xitabət kürsülərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni tarixi epoxanın görkəmli liderlərindən biri kimi çıxış edir.
Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə də dövlət başçımızın dərin məzmunlu nitqləri, çağırışları planetimizdə sülhə, sabitliyə, əməkdaşlığa geniş üfüqlər açır.
Bu gün Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər baş verir. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Yeniliyin, innovasiyalara imkan verən dəyişikliklərin tərəfdarı olan, belə təşəbbüslərlə çıxış edən, bu səpgili fikirlərə açıq dəstək verən, tərəqqiyə xidmət edən yaradıcılığı yüksək qiymətləndirən, mövcud imkanlardan ən müfəssəl şəkildə faydalanan dövlət başçısının fəaliyyəti Azərbaycanın müvəffəqiyyətlərlə dolu inkişaf yolunu müəyyənləşdirir. Doğru zamanda doğru qərarlar verən, real hədəflər seçən, önəmli strateji dəyişikliklərə gətirib çıxaran ideya və planların müəllifi kimi çıxış edən Azərbaycan Prezidenti həm də islahatçı bir lider olaraq çağdaş tariximizin yaradılmasında misilsiz xidmətlər göstərir.
Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur. Ölkəmiz bu gün bütün dünyada tolerantlıq, mədəniyyətlər dialoqu məkanı kimi tanınır, multikultural dəyərlərin genişlənməsinə dəstək olur və bu dəyərlərə örnək ölkə kimi qəbul edilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da həyata keçirilən siyasətə dəstəyi fonunda gördüyü işlərin miqyası olduqca böyükdür. Mehriban xanım Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəstxətini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini verməkdədir.
Azərbaycanın Birinci vitse-prezidenti, Ulu Öndərin adını daşıyan fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bütün dünyada ölkəmizin adını ucaldır, ona şərəf gətirir. İnsana və insanlığa ali dəyərlər aşılayır.
Ölkəmizdə sosial-mədəni və humanitar layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım müstəsna xidmətləri ilə seçilir. Belə ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçılarından biri kimi Mehriban xanımın xidmətləri xalqımız tərəfindən yüksək dəyərləndirilir. Məhz onun rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri həyata keçirməklə yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir, xalqımızın humanist dəyərlərini beynəlxalq aləmdə yetərincə təbliğ edir. Birinci vitse-prezidentin regionlara səfərləri dövlətin vətəndaşlara olan humanizminin, səmimiyyətinin, yüksək diqqət və qayğısının ifadəsi kimi yadda qalır. Onu hər bölgədə, şəhər və rayonda böyük coşqu, sevinc hissi və məhəbbətlə qarşılayırlar. Mehriban xanım Əliyeva cəmiyyətdə qazanmış yüksək nüfuzu ilə dövlət idarəçiliyinə yeni nəfəs, müasirləşmə və innovativ ruh gətirmişdir.
Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Dövlət başçısı İlham Əliyevin ilk günlərdən pandemiyanın yayılma arealını və sürətini, mümkün riskləri düzgün analiz etməklə çevikvə təsirli qabaqlayıcı tədbirlərə başlaması respublikamızın qlobal təhlükədən maksimum az itki ilə çıxmasını təmin etmişdir. Ölkəmiz bu istiqamətdə də qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.
Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq.
Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.
Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
Asif ƏSGƏROV,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü