Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə onlayn tədbir ilk olaraq Asif Əsgərov Ulu öndərin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir. Zəfər günü münasibəti ilə təbriklərini söyləmşdir.
Tədbirdə çıxış edən İctimai Şuranın üzvü Emil Aslanlı Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib.
“Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”.
İctimai Şuranın üzvü, 46 nömrəli orta məktəbin direktoru Sevinc Budaqova qeyd etmişdi ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.
Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Natiq daha sonra qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu. Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Ulu Öndərin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!