Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “Sükutla Anırıq” adlı incəsənət və yaddaş sərgisi uğurla yekunlaşıb.

20 yanvar 2026 | 12:30

20 Yanvar - Ümumxalq Hüzn Gününün anılması məqsədilə Azərbaycan Respublikasının Nəsimi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 16 yanvar 2026-cı il tarixində Zabitlər bağında “Sükutla Anırıq” adlı incəsənət və yaddaş sərgisi təşkil olunub. 20 Yanvar faciəsi zamanı şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi, 20 Yanvar həqiqətlərinin ictimaiyyətə səssiz, lakin dərin emosional və mənəvi təsir gücünə malik incəsənət və vizual yaddaş vasitələri ilə çatdırılması, eyni zamanda gənc nəsildə milli yaddaş və tarixi məsuliyyət hissinin gücləndirilməsi məqsədi daşıyıb. Tarix, yaddaş və incəsənətin vəhdətinə əsaslanan “Sükutla Anırıq” incəsənət və yaddaş sərgisi səssiz anım tədbiri formatında keçirilib. Sərgi çərçivəsində ərazidə anım ruhunu əks etdirən qısa mətnlərdən ibarət məlumat lövhələri yerləşdirilib, 20 Yanvar hadisələrini əks etdirən tarixi faktlara əsaslanan fotoşəkillər malbertlər üzərində açıq hava sərgisi formatında nümayiş olunub. Tədbir hər hansı səs-küy, çağırış və rəsmi çıxışlar olmadan, yalnız sakitlik və xatırlama mədəniyyətinə əsaslanan formatda təşkil edilib. Bu yanaşma vasitəsilə 20 Yanvar faciəsinin milli yaddaşımızdakı yeri daha təsirli şəkildə nümayiş etdirilib və faciənin gənc nəsil tərəfindən dərk olunmasına töhfə verilib. “Sükutla Anırıq” incəsənət və yaddaş sərgisi bir daha sübut edib ki, milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və gənclərin bu prosesdə fəal iştirakı cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Keçidlər