2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq
Nəsimi rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın iclası keçirilmişdir.
Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Bakı şəhərində, o cümlədən Nəsimi rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər qeyd olunmuş, “Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2.2 milyon manat ayrılmasının da ölkə başçısının diqqət və qayğısının bariz nümunəsi olduğu xüsusi vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, mövsümə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü edilib.
Qeyd olunub ki, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilmişdir.
Şura iclasında Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon Sukanal İdarəsinin, rayon Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Nəsimi rayonu üzrə xidmətinin, rayon İstilik Sistemləri İstismar Sahəsinin rəhbərləri çıxış etmişlər. Kommunal xidməti təşkilatlarının rəhbərləri çıxışlarında 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.
İclasda rayon təsərrüfatının 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Küçələrdə və ümumi istifadə ərazilərində mövcud olan quru ağacların küləkli hava şəraitində aşma təhlükəsinin daha çox olduğunu nəzərə alaraq zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.