Nəsimi rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı olub.
Nəsimi rayon İcra Hakimiyyətində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının və gənclərin iştirakı ilə “Dəmir yumruq” sənədli filminin təqdimatı olub.
Filmin nümayişindən əvvəl Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Real TV-nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir güşəsində yaşayan azsaylı xalqların gənclərinin torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.
Sənədli filmin nümayişindən sonra rayon Vətən Müharibəsi şəhidlərinə və əlillərə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim edilib.
Sonra rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələrinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq, qeyd edib ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Bir daha sübut olundu ki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir. Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi əlillərinə və iştirakçılarına daim diqqət və qayğı göstərilir. Vətən Müharibəsində Nəsimi rayonundan 780 nəfər gənc könüllü olaraq cəbhə bölgələrinə getmiş və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşmüşlər. Torpaqlarımızın azad olunması zamanı rayon gənclərindən 21 nəfəri şəhid olmuş, 77 nəfəri isə yaralanmışdır. Dövlətimiz tərəfindən şəhid ailələrimiz daim diqqətdə saxlanılır,əlil və iştirakçıların sosial yönümlü məsələlərinin həlli istiqamətində müvafiq işlər görülür.
Tədbirin sonunda Vətən Müharibəsi şəhid ailələrini, əlilləri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb, irəli sürdükləri təkliflərlə bağlı onlara müvafiq izahatlar verilib. Tədbirdə iştirak edən Şəhid ailələri və əlillər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.