Nəsimi rayonu: ilin birinci yarısı uğurlu olub
Nəsimi rayonunda 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 2013-cü ilin birinci yarısı ölkəmizin iqtisadiyyatı üçün uğurlu olmuş, bütün sahələrdə müsbət göstəricilər əldə edilmiş və qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Bu dövrdə ölkəmizdə ümumi daxili məhsul həcmi 5 faiz artmışdır. Ölkəmizin iqtisadiyyatına 12,6 milyard dollar həcmində investisiya qoyulmuşdur ki, bunun da 7 milyardını daxili investisiyalar təşkil etmişdir. Bu dövrdə 55 min yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 520 dollar səviyyəsində olmuşdur.
2013-cü ilin birinci yarısı bütün sahələrdə ölkəmiz üçün uğurlu olmuş və iqtisadiyyatımızda dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.
İlin birinci yarısında Nəsimi rayonunda da sosial-iqtisadi sahədə uğurlar əldə olunmuşdur. 2013-cü ilin yanvar-iyun ayları ərzində rayonda 200 milyon 950 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz çoxdur. Bu dövrdə rayonda 1069 yeni iş yeri yaradılmışdır.
İlin altı ayı ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2300 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 358 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2011-2013-cü cü illər)” çərçivəsində nəzərdə tutulmuş tədbirlər rayonda uğurla həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi ki, ilin altı ayında rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə 527 milyon 894 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu dövrdə rayondakı rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi keçən ilin eyni dövrü ilə nisbətdə 82,9 faiz artmışdır. Nəqliyyat müəssisələrindəki iş və xidmətlərin həcmi isə 13,7 faiz yüksəlmişdir.
Hazırda rayonda iki orta məktəbdə yeni korpusların inşası, beş orta məktəb və üç körpələr evi-uşaq bağçaşında əsaslı təmir işləri davam etdirilir. 74 və 92 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
2013-cü ilin 6 ayı ərzində Nəşimi Rayon Qaz İstisamarı İdarəsi tərəfindən satılan qazın dəyərinin 100,2 faizi ödənilmişdir. Rüb ərzində rayonun qaz istismar sahəsi tərəfindən, ümumilikdə doqquz ünvanda 15060 mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz olunmuşdur.
Rayon ərazisində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. Hazırda “Heydər park”ında yenidənqurma işləri görülür, Cavadxan küçəsində isə yeni park salınır. Füzuli, 28 May, Nizami, H.Seyidzadə və digər küçələrdəki 22 ünvanda binaların fasadlarında təmir işləri aparılır.
Rayondakı “Təzə Bazar” MMC və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində yarmarkalar təşkil edilib. Burada hər həftə bazar qiymətlərindən aşağı 40-50 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satılır.
Rayon ərazisində istehsal olunan və satılan malların keyfiyyətinə nəzarəti güçləndirmək məqsədilə icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və bu istiqamətdə işlər rayon rəhbərliyinin daim nəzarətindədir.
Sonra Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi L.Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi R.Yusifov, rayon qaz istismar sahəsinin rəisi M.Kərimli və başqaları çıxış etmişlər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etmişdir.
Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”