Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoformatda müşavirə keçirilib.
Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələri sədrlərinin, bir qrup Vətən müharibəsi şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, rayon ziyalılarının, veteranlarının, ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoformatda müşavirə keçirilib.
Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimi” adlı videoçarx nümayış etdirilib.
Sonra tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirdi ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.
Bu gün Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru uğurla addımlayır. Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti– ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. Bir daha yəqin edirik ki, həqiqi xalq lideri Heydər Əliyevin dühasının, mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillər üçün mükəmməl bir nümunədir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada
inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir.
Dövlətmizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.
Natiq daha sonra qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik.
Haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.
Çıxışının sonunda natiq bildirdi ki, öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaqdır.
Şərəfli ömrünü Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyevin adı dünyanın hər yerində daim dərin hörmətlə çəkiləcək, onun əziz və unudulmaz xatirəsi millətimiz tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir.
Videomüşavirədə çıxış edənlər – B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transplantasiya İnstitutunun direktoru Valeh Eyvazov və 111 saylı körpələr evi-uşaq bağçasının müdiri Zöhrə Əliyeva bildirdilər ki, müasir Azərbaycanın banisi və milli dövlətçiliyimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Ulu Öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışaraq natiqlər qeyd edirlər ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini müəyyənləşdirən Liderdir.
Bu gün inamla demək olar ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin şah əsəridir.